Endoskopiya

Qida borusu, mədə, onikibarmaq bağırsaq və yoğun bağırsağın ucunda kamera olan elastik cihazla içəridən qiymətləndirilməsi. Dr. Aqil Ağakişiyev həm diaqnostik, həm də müalicəvi endoskopik prosedurları aparır.

Endoskopiya ucunda videokamera olan elastik borudan ibarət cihazla qida borusunun, mədənin, onikibarmaq bağırsağın və yoğun bağırsağın içəridən qiymətləndirilməsidir. Müayinə həm diaqnoz qoymaq, həm də ehtiyac yarandıqda biopsiya götürmək üçün tətbiq edilir.

Cihazın inkişafı ilə endoskopiya sadəcə baxış vasitəsi olmaqdan çıxıb: bu gün polipin çıxarılması, qanaxmanın dayandırılması, öd yolundakı daşın təmizlənməsi kimi müdaxilələr də endoskopla aparılır. Prosedurdan sonra nəticələr pasiyentə izah edilir və müalicə planlaşdırılır.

MÜAYİNƏLƏR

Hansı müayinələr aparılır

Qastroskopiya

Qida borusunun, mədənin və onikibarmaq bağırsağın baxışı. Davamlı həzmsizlik, iştahsızlıq, epiqastral nahiyədə ağrı, reflüks və udma çətinliyində tətbiq edilir.

Kolonoskopiya

Yoğun bağırsağın bütün seqmentlərinin, göstəriş olduqda incə bağırsağa keçid hissəsinin qiymətləndirilməsi. Nəcisdə qan, xroniki ishal və qəbizlikdə istifadə olunur.

ERCP

Ümumi öd axarının, qaraciyərdaxili öd yollarının və mədəaltı vəzin kanalının endoskop və rentgen görüntüsü ilə birlikdə qiymətləndirilməsi, öd yolu daşı və darlıqlarında müalicəvi prosedur.

Polipin çıxarılması

Bağırsaqda aşkarlanan poliplər kolonoskopiya zamanı polipektomiya üsulu ilə tam çıxarılır. Qanaxmanın dayandırılması və darlıq olan hissəyə stent qoyulması da endoskopla mümkündür.

Varikoz bant liqasiyası

Qaraciyər xəstəliyində portal hipertenziya səbəbindən genişlənmiş qida borusu damarları endoskopun ucluğuna yerləşdirilən rezin həlqələrlə tək-tək bağlanır.

Biopsiya və Helikobakter testi

Baxış zamanı şübhəli sahədən biopsiya götürülür, mədədən alınan klotest ilə Helikobakter pilori rutin olaraq yoxlanılır.

Prosedurun növü şikayətə, əvvəlki müayinə nəticələrinə və həkimin göstərişinə görə seçilir.

Prosedur necə aparılır

Qastroskopiya və ERCP-dən əvvəl 6-8 saatlıq aclıq tələb olunur — mədənin tamamilə boşalması bu qədər vaxt aparır. Kolonoskopiyadan bir gün öncə isə həkimin təyin etdiyi bağırsaq təmizliyi aparılır: ağızdan xüsusi boşaldıcı dərman içilir, lazım gəldikdə həmin gecə imalə olunur.

Pasiyent endoskopiya otağına alındıqdan sonra prosedur iki formada icra edilə bilər — qırtlaq nahiyəsinin lidokainlə keyləşdirilməsi ilə və ya qoldan, venadaxili verilən sedasiya dərmanları ilə. Diaqnostik endoskopiya adətən üç, bəzən beş dəqiqə çəkir. Kolonoskopiya sedasiya altında 10-15 dəqiqə davam edir və ağrısız aparılır. ERCP stasionar şəraitdə, əməliyyat blokunda, endoskopiya ilə rentgen birlikdə istifadə edilərək, ümumi anesteziya və ya sedasiya ilə icra olunur.

Baxış zamanı orqanın bütün hissələri ardıcıl qiymətləndirilir, xora, polip və ya şübhəli törəmə görüldükdə oradan biopsiya alınır. Prosedur video yazıya alınır və aşkarlanan patologiyanın şəkilli raportu pasiyentə təqdim edilir.

Prosedurdan əvvəl hazırlıq

Yuxarı endoskopiya və ERCP üçün 6-8 saat ac qalmaq, kolonoskopiya üçün bir gün əvvəldən bağırsağın tam təmizlənməsi şərtdir. Pəhriz və hazırlıq qaydaları müayinədən öncə həkim tərəfindən izah edilir.

ERCP planlaşdırılan pasiyent acqarına stasionara qəbul edilir, palataya yerləşdirilir və prosedur əməliyyat blokunda aparılır.

Prosedurdan sonra

Kolonoskopiyadan sonra içəriyə verilən havadan asılı olaraq yüngül şişkinlik və köp ola bilər — bu, bir neçə saat içində keçir və pasiyent həmin gün adi iş rejiminə qayıda bilər. Sedasiya olunanlar 2-3 saat maşın idarə etməməlidir.

ERCP-dən sonra həmin gün qidalanma dayandırılır, ertəsi gün vəziyyət dəyərləndirilib qida rejimi açılır. Nəticələr həkim tərəfindən şərh edilir, zərurət olduqda əlavə analiz və nəzarət planı qurulur.

Nəyə diqqət yetirilir

Endoskopiya yalnız şikayət olanda deyil, izləmə məqsədilə də təkrarlanır: polipi çıxarılmış pasiyentlərdə nəzarət üçün, qida borusu, mədə və ya bağırsaqda əməliyyat keçirənlərdə profilaktik olaraq, Kron və ülserativ kolit diaqnozu qoyulanlarda isə müalicədən sonra xoraların sağalıb-sağalmadığını qiymətləndirmək üçün. 45 yaşdan yuxarı, heç bir şikayəti olmayan şəxslərdə də bir dəfə profilaktik baxış təyin oluna bilər.

Səbəbi məlum olmayan qan azlığı, nəcisdə açıq və ya tünd rəngli qan, udma çətinliyi, davamlı qarın ağrısı, uzun sürən ishal və ya qəbizlik, rentgen və tomoqrafiyada şiş şübhəsi — bu hallarda müayinə gecikdirilmir. Sirroz diaqnozu qoyulmuş pasiyentlərdə qida borusu damarları profilaktik olaraq yoxlanılır və qanaxmaya meyilli olduqda öncədən bağlanılır.

Mexaniki sarılıqda ERCP-nin vaxtında aparılması ayrıca əhəmiyyət daşıyır: prosedur gecikdikdə xolangit, ağır pankreatit və sepsisə qədər gedən fəsadların riski artır.

Dr. Aqil Ağakişiyev

Dr. Aqil Ağakişiyev

Qastroenteroloq, hepatoloq və invaziv endoskopist

Dr. Aqil Ağakişiyev — Avropa Beynəlxalq Hospital, qastroenteroloq, hepatoloq və invaziv endoskopist. Həzm sistemi, qaraciyər, öd yolları və mədəaltı vəzi xəstəlikləri üzrə qəbul aparır.

Həkim haqqında ətraflı

Həkimə sual verin və ya qəbula yazılın

Avropa Beynəlxalq HospitalMikayıl Müşfiq 2A, Bakı.